İmam Əli Rzanın (ə) həyatı

Səkkizinci imam Həzrət Rzanın (ə) atası – yeddinci imam Həzrət Musa Kazim (ə), anası – “Nəcmə”, yaxud “Tüktəm” adlı kəniz idi. İmam (ə) hicri 148-ci il Zilqədə ayının 11-də (miladi 766-cı il) Mədinədə doğuldu. 

Məşhur ləqəbi “Rza”dır. Bəzi alimlərin fikrincə, həm İmamın (ə) tərəfdarları, həm də müxalifləri onun üstünlüyünü etiraf edib bununla razı olduqlarına və onun vəliəhdlik haqqını qəbul etdiklərinə görə “hamının razı olduğu” mənasını verən “Rza” ləqəbi o Həzrətə verilmişdi.

Bəzilərinin fikrincə isə xəlifə Məmun İmam Rzanı (ə) özünə vəliəhd təyin edərkən bu ləqəbi o Həzrətə vermişdi. Məlumdur ki, Abbasilərin istər hakimiyyətə gələrkən, istərsə də sonrakı bir müddət boyunca əsas şüarı “Ali-Muhəmmədin rizası (razılığı) naminə” olmuşdur. Yəni Abbasi hərəkatı qələbə ilə başa çatdıqdan sonra Peyğəmbər nəslindən kim hakimiyyətə təyin olunsa, bütün hərəkat iştirakçıları onu qəbul etməli və hakimiyyətini tanımalı idilər. Abbasilər bununla hərəkatı sığorta etmiş oldular; çünki əgər hərəkat hər hansı konkret şəxsi hakimiyyətə gətirmək uğrunda aparılsaydı, həmin şəxsin aradan götürülməsi ilə hərəkat da məhv olmalı idi. Həm də bu halda həmin şəxsin rəqibləri hərəkatla müxalifətdə ola bilərdilər. Halbuki konkret ad çəkmədən Ali-Muhəmmədin (s) haqqını özünə qaytarmaq şüarı altında aparılan mübarizədə bir neçə qüvvə müttəfiq kimi çıxış edirdi. Abbasilər hakimiyyəti ələ keçirdikdən sonra onların məqsədinin heç də “Ali-Muhəmmədin razılığı” olmadığı aşkara çıxdı, Əhli-Beyt üzvləri və tərəfdarları ciddi şəkildə təqib edildilər. Məmun səkkizinci imama “Rza” ləqəbini verməklə riyakarcasına “Ali-Muhəmmədin rizası naminə” şüarının İmam Rzaya (ə) aid olduğunu göstərmək istəyirdi. Sonralar dini mənbələrdə İmam Rza (ə) “qərib imam” ləqəbi ilə də xatırlanmağa başladı (vətəni Ərəbistandan çox uzaqda – Xorasanda vəfat etdiyinə görə).

İmam Rzanın (ə) nümunəvi əxlaqı, gözəl davranışı müasirləri tərəfindən yüksək dəyərləndirilirdi. Xüsusilə, öz xidmətçilərinə münasibətdə son dərəcə ədalətli və mehriban davranırdı.

İmam Rza (ə) ömrünün çox hissəsini Mədinədə, son üç ilini isə Xorasanda keçirmişdir. Həzrətin Xorasana gətirilməsinin tarixçəsi və səbəbi belədir: Hicri 199-200-ci illərdə (miladi 815-ci il) xilafət ərazisində İmam Əlinin (ə) nəslindən olan seyyidlərin başçılıq etdiyi iki böyük qiyam baş verdi. Bunların biri tarixdə Əbus-Səraya qiyamı kimi tanınsa da, hərəkatın başında əvvəlcə İmam Həsənin (ə) nəslindən olan “İbn Təbatəba” ləqəbli Muhəmməd ibn İbrahim, onun vəfatından sonra isə İmam Zeynülabidinin (ə) nəslindən Zeydi-şəhidin nəvəsi Muhəmməd dururdu. İkinci qiyama İmam Cəfər Sadiqin (ə) oğlu Muhəmməd Dibac rəhbərlik edirdi. Məmun hər iki qiyamı yatırmağa nail oldu, amma şiələrin siyasi fəallığı artıq onu ciddi narahat etməyə başlamışdı.

Belə bir şəraitdə Məmun şiələri sakitləşdirmək və müvəqqəti sabitlik yaratmaq naminə İmam Rzanın (ə) nüfuzundan yararlanmağı qərara aldı. Hicri 200-cü ildə (miladi 815-816-cı illər) o, İmam Rzanı (ə) Mədinədən Mərvə – öz yanına gətizdirməyi əmr etdi. (Məmun öz atası Harun ər-Rəşidin sağlığında Xorasan valisi olmuşdu. Harunun vəfatından sonra Bağdad şəhəri Məmunun qardaşı Əminin əlində idi. Məmun Əminlə mübarizədə qalib gəldikdən sonra belə, Bağdada qayıtmaqdan ehtiyatlandığı üçün Xorasanın iri şəhərlərindən olan Mərvdə qalmaqda davam edirdi.)

Həzrət Rza (ə) Məmunun göndərdiyi şəxslərin əhatəsində Mərv istiqamətində yola düşdü. Karvanın yolu Bəsrə, Bağdad, Qum, Nişapur və sair şəhərlərdən keçirdi. İmam Rza (ə) yol boyunca insanlara moizə və nəsihət edir, onları Allaha doğru çağırır, Əhli-Beytin fəzilətlərini sadalayırdı. Qum və Nişapur şəhərlərində onun göstərdiyi bir neçə möcüzə tarix kitablarında ətraflı təsvir edilib. “Silsilətuz-zəhəb” (Qızıl zəncir) adı ilə tanınan hədis də İmamın (ə) dilindən bu səfər zamanı Nişapurda söylənmişdi.

İmam Rzanın (ə) vəliəhd təyin edilməsi

İmam Rza (ə) Mərv şəhərinə çatdıqdan sonra Məmun əvvəlcə bildirdi ki, guya xilafəti o Həzrətə təhvil vermək və özü hakimiyyətdən uzaqlaşmaq niyyətindədir. Lakin İmam (ə) bu təklifi qətiyyətlə rədd etdiyi üçün Məmun heç olmazsa vəliəhdliyi qəbul etməsini o Həzrətin qarşısında tələb kimi qoydu.

Məmun İmamı (ə) vəliəhd təyin etməklə bir neçə məqsəd güdürdü. Əvvəla, İmam Rzanı (ə) yüksək dövlət məqamına əyləşdirməklə xilafət ərazisində baş qaldırmış Əhli-Beyt təmayüllü üsyanları zərərsizləşdirmək mümkün olacaqdı. Məmun bu addımı atmaqla üsyançıların bəhanəsini kəsmək və onları sakitləşdirmək, guya Əhli-Beytin haqqının qəsb olunmadığı mənzərəsini yaratmaq istəyirdi.

İkincisi, İmam Rza (ə) siyasi hakimiyyətə gətirildikdən sonra yüksək vəzifəli şəxs kimi istər-istəməz ölkədə baş verən ədalətsizliklərə cavabdehlik daşıyacaqdı. Həzrətə hakimiyyət hərisi, dünya malına aldanmış bir şəxs kimi baxacaqdılar.

Üçüncüsü, İmam Rza (ə) Mərvə gətirilərək yüksək dövlət məqamına təyin edilməklə daim Məmunun nəzarəti altında qalacaq, hər növ sərbəst fəaliyyət imkanından məhrum olacaqdı. 

Məmun xoşluqla İmamı (ə) vəliəhdliyə razı sala bilmədikdə onu ölümlə təhdid etdi. İmam Rza (ə) məcburiyyət qarşısında qalıb müəyyən şərtlər daxilində vəliəhdliyi qəbul etməyə razılıq verdi. İmamın (ə) şərtləri bundan ibarət idi ki, vəliəhd olduqdan sonra heç bir mühüm qərarın qəbul edilməsində iştirak etməyəcək, dövlət vəzifələrinə təyinolunma və vəzifədən azadedilmə fərmanlarına imza atmayacaq, xilafət ərazisində aparılan heç bir islahata qarışmayacaq. Məmun bu şərtlərlə razılaşmalı oldu.

Hicri 201-ci ilin Ramazan ayında (miladi 817-ci il, mart) Mərv şəhərində İmam Rzaya (ə) beyət mərasimi keçirildi. Məmunun əmri ilə bütün saray əyanları, xilafətin adlı-sanlı şəxsləri, alimlər və qoşun başçıları o Həzrəti vəliəhd kimi tanıdıqlarını elan etdilər. Xilafətin bütün şəhərlərində yeni vəliəhdin adına beyət alındı, sikkələrin üzərində o Həzrətin adı yazıldı.

İmamla (ə) bağlılığını daha da möhkəmlətmək üçün Məmun öz qızı Ümmü-Həbibəni o Həzrətə ərə verdi. Məmunun məqsədi bu idi ki, bu izdivacdan nəvəsi olsa, özündən sonra hakimiyyəti ona versin. Bu uşaq bir tərəfdən Abbasilərə, digər tərəfdən Əli (ə) nəslinə mənsub olacağı üçün hər iki tərəf onun hakimiyyəti ilə razılaşacaqdı. Lakin İmam Rza (ə) ilə Ümmü-Həbibənin izdivacından övlad dünyaya gəlmədi.

Məmunun bütün israrlarına rəğmən Həzrət Rza (ə) əvvəldə bağladığı şərtə sadiq qalaraq hökumət işlərinə qarışmırdı. Məmunun gözlədiyinin əksinə olaraq vəliəhd olduqdan sonra İmamın (ə) nüfuzu nəinki azalmır, hətta durmadan artırdı.

Məmun İmam Rzanı (ə) əskiltmək üçün o Həzrəti müxtəlif çətin elmi mübahisələrə çağırmağa və alimlərlə üzləşdirməyə başladı. Sarayda tez-tez təşkil olunan məclislərə istər müsəlman alimləri, istərsə də yəhudi, məsihi, atəşpərəst, dəhri (materialist) əqidəli adamlar dəvət olunur, İmam Rza (ə) ilə onlar arasında sual-cavab aparılırdı. Bu yolla Məmun İmamın (ə) suallar qarşısında aciz qalacağını və məğlub olub gözdən düşəcəyini güman edirdi. Lakin Həzrət Rza (ə) hər dəstənin nümayəndəsi ilə onun öz əqidə və metodları əsasında mübahisə edir və qalib gəlirdi. Qarşı tərəfi təmsil edən alimlər o Həzrətin tutarlı sübutları qarşısında aciz qalır və məğlubiyyətlərini etiraf edirdilər.

Əhməd ibn Əli Ənsari İmam Rzanın (ə) tələbəsi Əbu Səlt Hərəvidən soruşur: “Necə ola bilər ki, Məmun İmam Rzaya (ə) bu qədər ehtiram göstərdiyi və özünə vəliəhd təyin etdiyi halda onu zəhərlədib şəhadətə çatdırmış olsun?” Əbu Səlt ona belə cavab verir: “Məmun İmam Rzanın (ə) fəzilət və böyüklüyünü görüb onu bu məqsədlə özünə vəliəhd təyin etdi ki, camaat o Həzrətin dünyapərəst olduğunu düşünsün və onun məhəbbəti ürəklərdən silinsin. Lakin İmamın (ə) hərəkətlərində bu cür təmayüllər görünmədiyi üçün insanların gözündə daha da ucaldı və möhtərəm oldu. Onda Məmun müxtəlif şəhərlərdən kəlam və fəlsəfə alimlərini saraya topladı ki, elmi mübahisələr zamanı onlardan heç olmazsa biri İmama (ə) qalib gəlsin və o Həzrət alimlər arasında nüfuzunu itirsin; sonra da İmamın (ə) məğlubiyyət xəbəri həmin alimlər tərəfindən camaat arasında yayılsın. Lakin İmamla (ə) mübahisəyə girişən həm yəhudi, nəsrani, atəşpərəst, sabii, hindi (brəhmən), dəhri (materialist) filosofların, həm də müxtəlif İslam cərəyanlarına mənsub alimlərin hamısı o Həzrətin hüzurunda məğlub oldu və öz əqidələrinə uyğun şəkildə İmamın (ə) gətirdiyi dəlillər qarşısında aciz qaldı. Onda camaat belə deməyə başladı: “Vallah, o Həzrət xilafətə Məmundan daha layiqdir”. Xəbərçilər xəlifəni bundan xəbərdar etdilər və Məmunun İmama (ə) qarşı həsədi lap şiddətləndi. İmam Rza (ə) da Məmunun hüzurunda haqqı söyləməkdən çəkinmir və xəlifənin xoşuna gəlməyən fikirlərini gizlətmirdi. Bütün bunlar Məmunun İmama (ə) qarşı kin və qəzəbini artırırdı. Qurduğu hiylələrin nəticə vermədiyini görən Məmun axırda o Həzrəti gizli şəkildə zəhərlədi”.¹

İmam Rza (ə) hicri 203-cü il Səfər ayının son günündə (miladi 818-ci il, sentyabr) Məmunun göndərdiyi zəhərli üzümü yeyərək şəhid oldu. Onu Xorasanın Tus şəhəri yaxınlığındakı Sənabad kəndində (hal-hazırda Məşhəd şəhəridir), Harun ər-Rəşidin qəbrinin yaxınlığında torpağa tapşırdılar.

İmam Rzanın (ə) yaxınları və tələbələri sırasında şair Dibəl Xüzai, təsəvvüf tarixində özünəməxsus yeri olan Məruf Kərxi, Fəzl ibn Şazan Nişaburi, Əbu Səlt Hərəvi və başqaları məşhurdur.

İmam Rza (ə) Həkimə xatunun qardaşıdır; hətta mötəbərliyi sübuta yetməmiş bəzi məlumatlara görə onlar doğma (anabir) bacı-qardaş idilər.

¹.  Şeyx Səduq, Uyunu əxbarir-Rza (nəşrə hazırlayan: S.M.H.Lacivərdi), c. 2, s. 239

Natiq Rəhimov - Bibiheybət kitabı

 

مشاركة:
Ziyarətnamə