İmam Musa Kazimin (ə) həyatı

İmamlardan üçünün adı Həkimə xatunla sıx bağlı olduğu üçün onların həyatı barədə kitabda ayrıca məlumat verməyi lazım bilirik. Həkimə xatun bu üç imamın zamanında yaşamış, onlarla müasir olmuşdur. Bunlar Həkimə xatunun atası İmam Musa Kazim (ə), qardaşı İmam Əli Rza (ə) və doğuluşu zamanı Həkimə xatunun iştirak etdiyi qardaşı oğlu İmam Muhəmməd Təqidir (ə). Bu imamların fəaliyyəti ilə, yaşadıqları dövrlə tanışlıq Həkimə xatunun həyatını daha yaxşı anlamağa yardım edə bilər.

İmam Musa Kazimin (ə) həyatı

Yeddinci imam Həzrət Musa Kazim (ə) Həzrət Muhəmməd peyğəmbərin (s) qızı Fatimətuz-Zəhranın (ə) soyundan, Peyğəmbərin altıncı nəsildən nəvəsidir. Mübarək şəcərəsi belədir: İmam Musa Kazim (ə) ibn İmam Cəfər Sadiq (ə) ibn İmam Muhəmməd Baqir (ə) ibn İmam Əli Zeynülabidin (ə) ibn İmam Hüseyn (ə) ibn İmam Əli (ə) ibn Əbu Talib. Atası – altıncı imam Həzrət Cəfər Sadiq (ə), anası – Şimali Afrikanın bərbər tayfalarından olan “Həmidə” adlı kəniz idi. İmam Kazim (ə) hicri 128-ci il Səfər ayının 7-də (miladi 745-ci il) Məkkə ilə Mədinə arasındakı Əbva məntəqəsində doğuldu.¹ Məşhur ləqəbləri bunlardır: Kazim (qəzəbini udan), Əbdus-saleh (əməlisaleh bəndə), Babul-həvaic (ehityacların ödəndiyi qapı).

Həzrət Musa Kazim (ə) atasının vəfatından sonra 20 yaşından etibarən imamlıq vəzifəsinin icrasına başlamışdır. Bu zaman şiə məzhəbi daxilində bəzi parçalanmalar baş verdi. Hələ İmam Sadiqin (ə) sağlığında bəziləri onun oğlu İsmailin imamlığını təbliğ edirdilər. İsmail atasının sağlığında dünyasını dəyişsə də, onun və oğlu Muhəmmədin imamlığını dəstəkləyənlər vardı; bunlar ismailiyyə firqəsinin əsasını qoydular. Həzrət Sadiqin (ə) daha bir oğlu Abdullah Əftəh də imamət iddiası ilə çıxış etdi və bunun nəticəsində fətəhiyyə (əftəhiyyə) firqəsi yarandı.

Həzrət Kazimin (ə) imamət müddəti Abbasilər sülaləsinin hakimiyyət dövrünə təsadüf edirdi. Kifayət qədər güclənmiş və əksər rəqibləri aradan götürməyə nail olmuş Abbasi xəlifələri onun şəxsiyyətini öz hakimiyyətləri üçün təhlükə sayırdılar. İmam Musa Kazim (ə) xəlifə Mehdinin zamanında (775-785) bir müddət Bağdadda nəzarət altında saxlanıldı. Hətta Mehdi onu öldürmək fikrinə düşmüşdü; lakin yuxuda Həzrət Əlini (ə) görüb qorxmuş və İmamı (ə) ehtiramla Mədinəyə qaytarmışdı. 

İmam Kazim (ə) Harun ər-Rəşidin xilafətinin (786-809) əvvəllərində Mədinədə yaşayırdı. Onun nüfuzu barədə xəlifəyə ardıcıl xəbərlər çatdırılırdı. Harun ər-Rəşid Əhli-Beyt tərəfdarlarının xüms və zəkat pullarının İmama (ə) təhvil verilməsindən narahat olur, həmin pulların hökumət əleyhinə qiyama sərf edilə biləcəyindən qorxurdu. İmam Kazim (ə) bu pulları ehtiyaclı, kasıb insanlara paylayırdı. Həzrətin özü və ailəsi isə son dərəcə ağır maddi çətinlik içində yaşayırdı. Deyirlər ki, İmamın (ə) qızlarının namazda bədənlərini örtə biləcək təkcə bir çadrası vardı və bu geyimdə növbə ilə namaz qılırdılar.² Təsadüfi deyil ki, mənbələrdə İmam Kazimdən (ə) rəvayət edilmiş hədislərin sənədində onun adı çox zaman açıq şəkildə deyil, ləqəblərlə (məsələn, “Alim” ləqəbi ilə) verilmişdir; bu, onu göstərir ki, hətta o Həzrətin dilindən hədis rəvayət edilməsinə də ciddi məhdudiyyət qoyulurdu.

Harunla İmam Kazimin (ə) gərgin münasibətləri xəlifənin Mədinəyə ziyarəti zamanı son nöqtəyə çatdı. Harun ər-Rəşid Həzrət Muhəmməd peyğəmbərin (s) məzarını ziyarət edərkən onun qəbrinə “Salam olsun sənə, ey əmoğlu!” – deyə, müraciət etdi. (Abbasilərin ulu əcdadı Abbas ibn Əbdülmüttəlib Həzrət Peyğəmbərin əmisi idi və Abbasilər özlərini Peyğəmbərin əmisi oğulları sayırdılar.) Harun bu sözlərlə öz sülaləsinin hakimiyyət hüququnu qabartmaq istəyirdi, çünki Peyğəmbərə (s) özündən daha yaxın kimsənin olmadığını düşünürdü. Bu zaman İmam Musa Kazim (ə) Peyğəmbərin (s) məzarına üz tutaraq dedi: “Salam olsun sənə, ey atam!” Həzrət bununla bildirdi ki, əgər Abbasilərin iddia etdikləri kimi hakimiyyət Peyğəmbərlə qohumluğun dərəcəsinə görə ölçülürsə, İmam Musa Kazim (ə) o Həzrətin nəvəsi olduğu üçün Harundan daha artıq dərəcədə hakimiyyətə haqlıdır.

Xəlifə bu hadisədən sonra hər vasitə ilə İmamı (ə) aradan götürmək qərarına gəldi. Onun əmri ilə o Həzrəti əvvəlcə Bəsrəyə aparıb həbsə saldılar. Lakin Bəsrə valisi İmamın (ə) zindandakı nümunəvi əxlaqını müşahidə edib onu həbsdə saxlamaqdan imtina etdi. Bundan sonra Harun ər-Rəşid İmamı (ə) Bağdada gətizdirdi və bir-birinin ardınca bir neçə zindanda həbs etdirdi. Hər dəfə zindan rəisləri o Həzrətin əxlaqını və imanını görüb, ona haqsızlıq etməkdən boyun qaçırır və İmamın (ə) azadlığa buraxılması barədə xəlifəyə müraciət edirdilər. Nəhayət “Sindi ibn Şahək” adlı zindan rəisi İmam Kazimi (ə) öz həbsxanasında saxlamağa, daha sonra onu aradan götürməyə razı oldu. Harunun əmri ilə o Həzrətə zəhərli xurma yedizdirib şəhid etdilər. İmam Kazimin (ə) şəhadəti hicri 183-cü il Rəcəb ayının 25-də (miladi 799-cu ildə) baş vermişdir. Harun cənazənin dəfn edilməsinə üç gün icazə vermədi. Axırda İmamı (ə) Bağdad yaxınlığındakı Qüreyş məzarlığında dəfn etdilər. Hal-hazırda bura Bağdadın Kazimiyyə (Kazimeyn) məhəlləsi kimi tanınır.

İmam Musa Kazimin (ə) şagirdləri arasında Möminut-Taq, Hişam ibn Həkəm, Əli ibn Yəqtin, Səfvan ibn Mehran, İbn Əbu Ümeyr xüsusi seçilmişlər.

İmam Musa Kazim (ə) imamların içində övladlarının sayına görə birinci yerdə durur. Musəvi seyyidləri onun nəslindəndirlər. Haqqında söhbət açılan Həkimə xatun da İmam Kazimin (ə) qızıdır. Həzrətin övladları barədə növbəti səhifələrdə ətraflı məlumat veriləcək.

 

¹. Peyğəmbərin (s) anası Aminə xatunun məzarı burada yerləşir.

².  Məsirətul-İmam əs-Seyyid Musəl-Sədr, Muhaziratun fil-əqidə, c. 11, s. 240-241

Natiq Rəhimov - Bibiheybət kitabı

 

Share:
Ziyarətnamə