Bibiheybət ziyarəti və İmam Məhdi (ə.f)

16 Fevral 2026

İmam Rzanın (ə) bacısı, Xanım Fatimeyi-Suğra Həkimə (s.ə) xanımın ziyarətgahı bizlər üçün çox böyük bir lütfdür və bu hərəmi ziyarət etməyin saysız-hesabsız savabları vardır. Ancaq həmin ziyarətin mahiyyətini başa düşmək və daha çox faydalanmaq üçün aşağıdakı əməlləri də etmək tövsiyə edilir:

1. Bu ziyarəti İmam Məhdinin (ə.c) tərəfindən yerinə yetir. Yəni, niyyət edirsən ki, Bibinin ziyarətinə İmam Məhdinin (ə.c) niyabəti ilə gedirsən.

2. Ziyarətin savabını İmam Məhdiyə (ə) hədiyyə et. İmam (ə) çox kərimdir, hədiyyəni əsla əliboş qaytarmaz.

3. Ziyarətə İmam Məhdiyə (ə) salam verməklə başla. Həmçinin, digər günlərdə də, səhər oyananda ilk danışdığın şəxs İmamın (ə) olsun. Əlini sinənə qoy qibləyə doğru baş əy və söylə: Əssəlamu ələykə ya Sahibəz-Zaman!

4. Ziyarəti İmama (ə) salam verməklə başa vur. Həmçinin, hər gün yatmazdan əvvəl Həzrətə salam ver. Son danışdığın şəxs Zəmanə İmamı olsun.

5. Məscidin ziyarət namazı və Həkimə bibiyə hədiyyə namazı ilə yanaşı Zəmanə İmamı üçün də 2 rukət hədiyyə namazı qıl. Namazlardan öncə İmam Məhdiyə (ə) təvəssül elə. “Əssəlamu aləykə ya Babəllah” (“Salam olsun Sənə, ey Allahın Qapısı”) – deyib Həzrətlə salamlaş. Bunu gündəlik vacib namazlardan öncə və sonda da etməyi adət et. 

6. Hər xatırladıqda İmam Zamanın (ə) salamatçılığı və zühurunun tezləşməsi niyyəti ilə salavat de. 

7. Bibinin ziyarətinə gələn zəvvarlara İmam Məhdi (ə) barəsində məlumat ver, onları zühur üçün dua etməyə təşviq et. Onların qəlbində Zəmanə İmamının (ə) məhəbbətini yarat.

8. Zəvvarlara İmam Məhdi (ə) barədə doğru məlumat verən kitabları və saytları tanıt, onların şübhələrinə, suallarına bilirsənsə cavab ver, əks halda da çalış ki, öyrənəsən.

9. O cür davran ki, sənə baxanda İmam Məhdini (ə) xatırlasınlar. Əxlaqlı ol və zəvvarlara xidmət edən əhaliyə qarşı mehriban ol. Nədənsə imtina edəndə də gülər üzlə et. Şərt deyil ki, zərihə əl vurasan, çalış zəvvarlara qarşı diqqətli olasan, ziyarətin onlar üçün daha rahat olmasına diqqət yetir.

10. Bibinin (s.ə) ailəsinə edilən müsibətləri yada sal və bil ki, İmam Məhdi (ə) o çətinlikləri anbaan yaşayır. Onun (ə) dərdinə şərik ol.

11. İmam Zamanın (ə) tərəfindən, yaxud da Onun (ə) salamatçılığı və ya zühurunun tezləşməyi üçün sədəqə ver, hətta çox az da olsa.

12. Zəvvarlara xidmət elə, az bir şeylə də olsa onlara ehsan et, savabını İmam Məhdiyə (ə) hədiyyə elə.

13. Günahlardan çəkin və tövbə elə, bir günahı tərk etməyin İmam Məhdini (ə) daha çox sevindirər. “Əstəğfirullahə rəbbi və ətubu iləyh” zikrini de və savabını İmam Məhdiyə (ə) hədiyyə et.

14. Quran və İmam Zaman (ə) Qiyamətə qədər bir-birindən ayrılmazlar. Ziyarətdə azda olsa Quran oxu və savabını Həkimə bibinin adından Zəmanə imamına hədiyyə et. Həmçinin, bu əməli hər gün az da olsa yerinə yetir və Həzrəti Məhdiyə (ə) hədiyyə et. Böyük alimlərimiz gündə 50 ayə oxumağı və Zəmanə İmamına hədiyyə etməyi təkid etmişlər.

15. İmam Zamanın (ə) şəxsən tövsiyyə etdiyi əməllərə diqqət et və başqalarına da de. Aşura ziyarətnaməsi, Camieyi Kəbirə ziyarətnaməsi, Ali-Yasin ziyarətnaməsi, Əhd duası oxu, təkcə bir rükət Vitr namazı ilə də olsa gecə namazı qıl, savabını İmama (ə) hədiyyə et.

16. Və ən əsası, hər bir halda, sidq ürəkdən o məzlum İmamızın (ə) zühuru üçün dua et. Təkidlə, gözyaşıyla istə, o cür istə ki, susuz insan suyu istəyir, o cür istə ki, sanki elə o andaca duan qəbul olacaq və İmam Zaman (ə) zühur edəcək. Hər şey Allahın əlindədir və əgər zühuru tezləşdirsə, heç kəs Allahı ittiham edə bilməz ki, niyə belə oldu. O istəsə, layiq olmasaq da zühurla boynumuza minnət qoyar. Bizim bütün problemlərimizin həlli zühurdadır! Şəxsi problemlərini unut, Onun (ə) çəkdiyi əziyyətlərin yanında bizim problemlərimiz nədir ki? Allahı İmam Hüseyn (ə) və Həzrəti Zeynəbin (s.ə) haqqına and ver və zühuru istə, durmadan istə, istə, tək fikrin bu barədə olsun. Birdən özünü və şəxsi problemlərini dua etmək yadından çıxsa necə? Eybi yox, sən o Rəhmət İmamını (ə) dua eləsən, heç mümkündür ki, o mehriban Atamız da səni dua eləməsin? İmamın (ə) da duası mütləq müstəcab olar. Əlavə nə üçünsə dua etmək istəsən bunu istə: İmam Məhdi (ə) üçün xidmətçi olmaq! Bütün aləm qurban olsun İmam Məhdiyə (ə), bizə vəzifədir ki, hər bir əməlimizdə Ona (ə) yaxınlaşmağa çalışaq, nəyə baxsaq Onu (ə) xatırlayaq. Canımızla, malımızla, elmimizlə, ailəmizlə o Həzrətin (ə) xidmətində dayanaq, biz layiq olmasaq da, o çox gözəl Ağadır (ə), az və dəyərsiz olan əməllərimizi çox qəbul edəndir. Dünya da istəsən, axirət də istəsən, hər ikisi İmam Zaman (ə) xidmətindədir. 

Ziyarətnamə