İmam Kazimin (ə) qızları

İmam Musa Kazimin (ə) qız övladları içində ən məşhuru Qum şəhərində dəfn olunmuş Fatimə xatundur. Mənbələrdə onun adını “Fatimətul-kubra”, “Fatimətul-Məsumə”, “Məsumeyi-Qum” şəklində də yazırlar. İmamın (ə) “Fatimə” adlı qızlarının yaşca ən böyüyü idi. Hicri 173-cü/miladi 790-cı ildə Mədinədə doğulmuşdu.

İmam Rza (ə) hicri 200-cü ildə (miladi 815/816-cı illər) Məmunun əmri ilə Mədinədən Mərv şəhərinə aparıldı və vəliəhd elan edildi. Mədinədə qalan bəzi Əhli-Beyt üzvləri kimi Fatimə xatun da qardaşını görmək üçün Xorasana yola düşdü. Uzun və əziyyətli yol onun səhhətini pozdu, Savə şəhərində ağır xəstələndi. Savə ilə Qum şəhəri arasında çox məsafə olmadığını öyrənib, onu Quma çatdırmalarını buyurdu. Fatimə xatunu şiə icmasının kifayət qədər güclü olduğu Qum şəhərinə apardılar. O, şəhərin nüfuzlu sakinlərindən olan Musa ibn Xəzrəcin evində 17 gün xəstə qaldıqdan sonra vəfat etdi. 

Qum şəhəri bu uca məqamlı xanımın məzarı ilə şərəflənmişdir. Hədislərdə Qum şəhərində Fatimətul-kubranın qəbrini ziyarət etmək böyük savaba malik əməl kimi xatırlanır. İmam Cəfər Sadiqdən (ə) belə rəvayət edilib: “Allahın hərəmi (müqəddəs məkanı) Məkkə, Peyğəmbərin (s) hərəmi Mədinə, İmam Əlinin (ə) hərəmi Kufə, biz – Əhli-Beytin hərəmi isə Qumdur”. İmam Sadiq (ə) bunu Fatimə xatun doğulmazdan əvvəl buyurmuşdu. Başqa bir hədisdə Qum “kiçik Kufə” adlandırılıb.¹

Fatimətul-kubradan savayı İmamın (ə) digər qızlarının həyatı barədə məlumat yox dərəcəsindədir. Əksər xəbərlər isə xalq içində gəzib-dolaşan, mənbəyi bilinməyən və bəzən həqiqətlə uzlaşmayan rəvayətlər səviyyəsindədir.

İmamın (ə) qızı Ümmü-Sələmə xatun o Həzrətin yeganə ailə qurmuş (formal şəkildə kəbini kəsilmiş) qızıdır. Bu barədə növbəti səhifələrdə məlumat veriləcək.

İmamın (ə) “Aminə” adlı qızının qəbrinin Misirdə olduğu deyilir.

Ümmü-Külsümül-kubra xatun öz qardaşı Übeydullahın oğlu Cəfəri oğulluğa götürmüşdü.²

Ümmü-əbiha xatun miladi 845/846-cı illərdə dünyasını dəyişmişdir.

Zeynəb xatuna aid edilən məşhur ziyarətgah İsfahan şəhərinin yaxınlığındakı Ərzunan kəndində yerləşir. Bura xalq içində “Bibi Zeynəb” ziyarətgahı kimi tanınır. İranın fərqli şəhərlərində (Kaşan, Nətənz, Kəhək, Bircənd, Ramhürmüz), Heratda və Misirdə də Zeynəb xatuna aid edilən məzarlar mövcuddur.

İmamın (ə) qızlarından biri Fatimə xatunun Rəştdəki məzarı da böyük ziyarətgahdır. Xalq içində bu məzarı “Xahəri-imam” (İmam bacısı) adlandırırlar.

İmamın (ə) “Fatimə” adlı daha bir qızının İsfahandakı məzarı “Siti (seyyidə) Fatimə” kimi tanınır.

İmamın (ə) qızı Məymunə xatun rəvayətə görə Qum şəhərində, bacısı Fatimətul-kubranın qəbrinin yanında dəfn edilib.³

Azərbaycan ərazisində də Bibiheybətdən başqa İmam Kazimin (ə) digər qızlarının adı ilə bağlı ziyarətgahlar mövcuddur. Bunların ən məşhurları Bakının Nardaran kəndində Rəhimə xatuna, Bilgəh kəndində Leyla xatuna, Mərdəkanda (Pir Həsən ziyarətgahı) Xədicə xatuna aid edilən məzarlardır. Amma müqəddəs və mübarək məkan kimi tanınan, möcüzəvi xüsusiyyətləri və kəramətləri ilə məşhur olan bu ziyarətgahların tarixçəsi Bibiheybət məqamı qədər mötəbər deyil.

 

 ¹. Şeyx Abbas Qummi, Muntəhəl-amal, s. 343-345

 ². Muhəmməd Hadi Əmini, Fatimə bintəl-İmam Musa əl-Kazim, s. 47

 ³. Eyni mənbə, s. 29-48

Natiq Rəhimov - BibiHeybət

Paylaş:
Ziyarətnamə