Bülbülə imamzadəsi
Bakının Bülbülə kəndində yerləşən bu ziyarətgahda İmam Musa-Kazimin (ə) oğlu imamzadə Muhəmməd Sadiqin (ə) dəfn olunduğu rəvayət edilir. 1937-ci ildə dağıdılmış müqəddəs məkanın kitabəsi Qız qalası ilə üzbəüz tarixi-etnoqrafik abidələrin sərgisində nümayiş etdirilir. Kitabədə yazılıb: “Bu böyük qapının tikilməsinə əzəmətli sultan Şah Abbas Hüseyninin vaxtında Şeyx Kamalın oğlu Şeyx Nəcməddin əmr etmişdir. Hicri 1033-cü il” (miladi 1623/24-cü illər).
Əldə olan arxiv sənədlərindən və nadir fotolardan məlum olur ki, 3.2 m x 2.22 m ölçüsündə türbənin damı günbəzlə tamamlanırdı. Qəbrin üzərində daş sənduqə, bitişik tikilidə isə imamzadənin xidmətçilərinə aid edilən daha üç qəbr vardı. Türbənin şimal divarına bitişik 8.77 m x 9.55 m ölçüdə məscid binası da günbəzə malik idi. Digər pirlərdəki kimi Bülbülə imamzadəsi kompleksinin də ətrafında məzarlıq mövcud olmuşdur. A.A.Bakıxanovun “Gülüstani-İrəm” kitabında adı çəkilməsi Bülbülə ziyarətgahının keçmiş dövrlərdə çox məşhur olduğunu göstərir.¹ Ziyarətgah 1990-cı illərdə yenidən tikilmişdir və hal-hazırda fəaliyyət göstərir.
1. M.X.Nemət, Azərbaycanda pirlər, s. 180-183
Natiq Rəhimov - Bibiheybət kitabı