Leyla xanım ziyarətgahı

Bakının Bilgəh kəndində yerləşən bu ziyarətgah iri həyətin içindədir, dördbucaqlı sahəyə malikdir, yonulmuş sal daşlardan tikilib. Pirdəki iki məzar İmam Kazimin (ə) qızı imamzadə Leyla xatuna və İmam Rzanın (ə) üç yaşlı qızına aid edilir. Xalq inancına görə Leyla xatun ailə qurduqdan cəmi bir həftə sonra dünyasını dəyişmişdir. (Pirin adı da buradandır.) Ziyarətgah sovet hakimiyyəti illərində bağlı qalmış, 1980-ci illərin sonlarında əhalinin təşəbbüsü ilə təmir edilərək yenidən fəaliyyətə başlamışdır.

Bilgəh pirinin qapısı dəhlizə açılır, dəhlizin hər iki tərəfində yardımçı otaqlar yerləşir. İki ibadət zalının biri kişilər, o birisi qadınlar üçün nəzərdə tutulub. Tavan tağlarla birləşmiş sütunlar üzərində durur. Ziyarətgah binasının daxili hündürlüyü 7 m, günbəz də daxil olmaqla ümumi hündürlüyü 10 m-dir. Pirin ərazisində qədim qəbristanlıq mövcud olmuşdur.

 Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası, s. 65

Həşim Həsənoğlu, Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri, övliyaları, s. 31

Paylaş:
Ziyarətnamə