Pir Həsən ziyarətgahı

Bakının Mərdəkan qəsəbəsində yerləşən bu ziyarətgah kompleksi şəxsiyyəti barədə ətraflı məlumat olmayan Pir Həsənin məzarı üzərində tikilib. Pir Həsənin çıldağ deyilən ənənəvi müalicə üsulu ilə məşğul olduğu barədə rəvayətlər var, hazırda ziyarətgahda çıldağ xidməti də göstərilir. Həmçinin burada İmam Musa Kazimin (ə) qızı Xədicə xatuna aid edilən məzar da mövcuddur. Bunlar iki ayrı tikilinin daxilində yerləşir.

Türbənin üzərindəki kitabədə belə yazılıb: “Bu mübarək məqbərə ən kamil insanların nümunəvisi Pir Həsənindir. Əzəmətli xaqan Şah Abbasın (Allah onun hökmranlığını əbədi etsin) vaxtında dərviş əl-Hüseyni tikdirmişdir. Min iyirmi birinci il” (1612/13-cü illər).

Pir Həsən ziyarətgahının yaxınlığında görkəmli ruhani, axund Mirzə Əbu Turab (vəf. 1910) dəfn edilmişdir. Onun qəbrinin üzərindəki məqbərəni Bakı milyonçusu M.Muxtarov tikdirmişdir. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və qızı Sara xanımın sənduqə şəkilli məzarları da buradadır. 

 M.X.Nemət, Azərbaycanda pirlər, s. 117-118

Azərbaycan: İslam mədəniyyətinin incisi, s. 128-129

Natiq Rəhimov - Bibiheybət kitabı

Paylaş:
Ziyarətnamə