Həkimə xatunun rəvayət etdiyi hədislər

17 مارس 2026

Dini mənbələrdə sənədində Həkimə xatunun adi çəkilən üç hədis diqqəti cəlb edir. Bu hədislər onu qardaşı İmam Rzanın (ə) hədis rəvayətçilərindən saymağa əsas verir. Həmin hədislər bunlardır (ixtisar naminə hədislərin sənədini vermirik):

Birinci hədis:

İbn Cəhrəş deyir: “Həkimə bint Musa mənim üçün bu hədisi rəvayət etdi: “İmam Rzanın (ə) odun anbarının qapısında durub gizli danışdığını gördüm, amma kiminlə danışdığı görünmürdü. Soruşdum: “Mənim ağam, kiminlə pıçıldaşırsan?” İmam (ə) buyurdu: “Bu, (cinlərdən) Amir Zəhrayidir, yanıma gəlib, mənə sualı və şikayəti var”. Dedim: “Mənim ağam, onun səsini eşitmək istəyirəm”. İmam (ə) buyurdu: “Əgər onun danışığını (səsini) eşitsən, bir il hərarətin olacaq”. Dedim: “Mənim ağam, eşitmək istəyirəm”. İmam (ə) buyurdu: “Dinlə”. Qulaq asdım, nazik cüyültüyə bənzər səslər itdim. Məni hərarət bürüdü, bir il qızdırmalı halda gəzdim”.¹

Onlarla digər hədisdən də məlum olur ki, həm peyğəmbər, həm də imamlar qeyri-bəşər canlıların da dilini bilirdilər. Cinlərin nümayəndələri dəfələrlə insan, heyvan və s. qiyafələrdə onlarla görüşmüşlər. Bu cür görüşlər adətən adi adam üçün dözülməz nəticələrə səbəb olur. Lakin imamlar Allahın onlara verdiyi fövqəlbəşər xüsusiyyətlər sayəsində cinlərlə rahat şəkildə söhbət apara bilirdilər.

 

İkinci hədis:

Səfvan Həkimə bint Əbülhəsən Musadan (ə) belə rəvayət edib: “Əbu Cəfərin (yəni İmam Muhəmməd Təqinin) anası hamilə qalanda ona (İmam Rzaya) yazdım ki, xidmətçin (yəni kənizin) hamilədir. Mənə cavab yazdı: “O, filan ayın filan gününün filan saatında hamilə qalıb. Doğulandan sonra yeddi gün onun yanında qalarsan (onu tək qoymazsan)”. Həkimə dedi: “O (İmam Təqi) doğulan kimi belə buyurdu: “Şahidlik edirəm ki, Allahdan başqa tanrı yoxdur”. Üç günlük olanda asqırdı, sonra buyurdu: “Allaha həmd olsun! Allahın salamı olsun Muhəmmədə və yolgöstərən imamlara!”²

Hədisdən məlum olur ki, Həkimə xatun İmam Rzanın (ə) tərəfindən onun zövcələrinə nəzarət edir və lazım olan məlumatları o Həzrətə çatdırırdı. Bu, bir daha İmam Rzanın (ə) yanında Həkimə xatunun böyük etibar sahibi olduğunu göstərir. Üstəlik, bu hədis imamların adi insanlara müyəssər olmayan bəzi qeyb xəbərlərindən Allahın izni ilə agah olduqlarını sübut edir.

 

Üçüncü hədis:

Həkimə xatun belə rəvayət edib: “Əbu Cəfərin (İmam Təqinin) anası Xeyzüranın doğuş vaxtı çatanda İmam Rza (ə) məni çağırıb buyurdu: “Həkimə! Doğuş vaxtı sən də iştirak et, burada ol, səndən və mamaçadan başqa heç kim olmasın”. İmam (ə) otağa bizim üçün çıraq qoydu və qapını üzümüzə bağladı. Xeyzüranın sancısı tutanda çıraq söndü. Mən doğuşu qəbul etmək üçün teşt gətirmişdim. Çırağın sönməsinə başımız qarışdığı zaman gördüm ki, Əbu Cəfər artıq doğulub və teştin içindədir. Həzrətin bədənini köynək kimi nazik bir pərdə örtmüşdü. Ondan nur saçılırdı, otaq nura bürünmüşdü, biz bu işıqda onu aydın görürdük. Mən körpəni götürüb qucağıma aldım, üzərindəki pərdəni çəkdim. Bu zaman qapı açıldı, İmam Rza (ə) otağa girdi. Biz artıq işimizi bitirmişdik. Həzrət uşağı bizdən alıb beşiyin içinə qoydu və buyurdu: “Həkimə! Onun beşiyinin yanında ol”.

Üçüncü gün gördüm ki, uşaq gözlərini səmaya açdı, sağa-sola baxıb buyurdu: “Şahidlik edirəm ki, Allahdan başqa tanrı yoxdur. Şahidlik edirəm ki, Muhəmməd Onun elçisidir”. Dəhşət və qorxu içində qalxıb Əbülhəsənin (İmam Rzanın) yanına getdim və ona dedim: “Mən bu uşaqdan qəribə sözlər eşitdim”. İmam (ə) soruşdu: “Nə baş verib?” Gördüyümü ona danışdım. İmam (ə) buyurdu: “Həkimə! Hələ onun bundan da çox qəribə işlərini (möcüzələrini) görəcəksən!”³

Əvvəlki hədis kimi bu hədis də göstərir ki, Həkimə xatun İmam Rzanın (ə) yanında xüsusi məqama sahib idi, o Həzrət ona dərin ehtiram bəsləyirdi, buna görə məsum imamın doğuluşu kimi ən mühüm hadisədə onun da iştirak etməsini məsləhət bilmişdi. Eyni zamanda hədis bütün məsumlar kimi İmam Muhəmməd Təqinin (ə) də həyatının ilk anlarından möcüzələr göstərdiyini sübut edir. Doğuluşun ilk saatından etibarən bu cür möcüzələr göstərmək qüdrəti bütün imamlarda – İmam Əli ibn Əbu Talibdən (ə) İmam Mehdi Sahibəz-zamana (ə) kimi – müşahidə edilmişdir.

Həkimə xatundan söz açmış əksər müəlliflər bu hədisləri bizim nəql etdiyimiz ilkin mənbələrə istinadən öz kitablarında vermişlər. Bu üç hədis Həkimə xatunun mövcudluğu, Əhli-Beyt (ə) qadınları arasındakı mövqeyi, elmi və mənəvi ucalığı barədə əsas sübutlar sayılır.  

 

  • ¹. Şeyx Kuleyni, əl-Kafi, c. 1, s. 248
  • Biharul-ənvar, c. 27, s. 24
  • ². Muhəmməd ibn Cərir Təbəri, Dəlailul-imamə, s. 383-384
  • ³. İbn Şəhr Aşub Mazandarani, Mənaqibu Ali-Əbi Talib, c. 4, s. 425
  • Biharul-ənvar, c. 50, s. 10
  • Əllamə Məclisi, Cəlaul-uyun, s. 960
  • Şeyx Abbas Qummi, Muntəhəl-amal, c. 2, s. 459-460
Ziyarətnamə