Həkimə xatunun həyatı barədə dəqiq və ətraflı məlumat azdır. Mövcud məlumatlar onun həyatı barədə qısa və ümumi təsəvvür əldə etməyə imkan verir.
Həkimə xatunun anasının adı mənbələrdə qeyd edilməyib, müəlliflər “anası ümmü-vələddir” qeydi ilə kifayətləniblər.¹ Ümmü-vələd (ərəbcədən tərcüməsi “övlad anası” deməkdir) xüsusi konkret ad deyil, qadınların müəyyən təbəqəsinə verilən ümumiləşdirilmiş addır. Lüğətlərdə bu sözü belə izah edirlər: “Bu, öz ağasından hamilə qalan kənizə deyilir. Ağasından oğul və ya qız doğmuş kənizdir. Ağasının onu satması icazəli deyil. Ağasının ölümündən sonra bu kəniz azad sayılır və (ağasının varislərindən) heç kimə irs olaraq keçmir”.² Ümmü-vələdin öz ağasından dünyaya gətirdiyi uşaq həyatda ikən bu qadın başqasına satıla və ya bağışlana bilməz.³
İmam Musa Kazim (ə) İmam Rzaya (ə) ünvanladığı vəsiyyətnamədə yazmışdı ki, onun ölümündən sonra bütün ümmü-vələd kənizləri yenə əvvəlki kimi iffətlə öz məskənlərində yaşasınlar və əvvəlki kimi onlara xərclik verilsin. Onlardan hər hansı biri ərə getsə, yenidən evinə qayıtmaq icazəsi İmam Rzaya (ə) məxsusdur.⁴
Mənbələrdən yalnız birində – Muhəmməd Hadi Əmininin “Fatimə bintəl-İmam Musa əl-Kazim” kitabında qeyd edilib ki, İmam Rza (ə), Fatimətul-Məsumə, Bibiheybət və “Seyid Cəlaləddin Əşrəf” adı ilə tanınmış imamzadə Həsənin anası eyni qadın olmuşdur. Müəllif bunun sübutu olaraq Mənuçöhr Sütudənin “Astaradan Astarabada kimi” kitabının ikinci cildinə istinad edir.⁵ Adıçəkilən kitab Xəzər dənizinin cənub sahillərinin coğrafi mövqeyi, buradakı yaşayış məskənləri, tarixi abidələr barədə məlumatları özündə əks etdirir. M.Sütudə kitabın ikinci cildində Lahican vilayətində, Səfidrud çayının sahilində, Astanə kəndində yerləşən İmam Musa Kazimin (ə) oğlu Sultan Seyid Cəlaləddin Əşrəf ziyarətgahı barədə təqribən dörd səhifə həcmində məlumat verir. Bu imamzadənin əsl adının “Seyid Həsən” və ya “Seyid İbrahim” olduğu deyilir. Müəllif qeyd edir: “Türbənin mütəvəlliləri dedilər ki, İmam Musa ibn Cəfərin (ə) dörd övladı eyni anadan və atadandır:
1. Həzrət İmam Rza (ə);
2. Həzrət Fatimeyi-Məsumə (ə);
3. Bakı şəhərindəki Bibiheybət;
Astanə kəndində Sultan Seyid Cəlaləddin Əşrəf kimi tanınan Seyid Həsən”.
Daha sonra müəllif səhifənin ətək yazısında belə qeyd edir: “Bu məlumat əldə olan heç bir şəcərə ilə uyğun gəlmir”.⁶
İmam Rzanın (ə) anası barədə mənbələrdə müəyyən qədər məlumat mövcuddur. Həkimə xatunla İmam Rzanın (ə) eyni anadan doğulması barədə ehtimal zəif olsa belə, hər halda bu xanımın həyatına qısa şəkildə toxunmağı lazım bilirik. İmam Rzanın (ə) anası Məğrib (Şimali Afrika) torpaqlarından idi, Mədinəyə kölə kimi gətirilmişdi. Adının “Tüktəm”, ya “Nəcmə” və ya “Xeyzüran” olduğu yazılır (adı barədə digər nəzəriyyələr də mövcuddur). Bir rəvayətə görə İmam Kazimin (ə) anası Həmidə xatun onu satın alıb, sonra oğluna hədiyyə etmişdi. Digər rəvayətə görə İmam Kazim (ə) özü onu satın almış və bunu yuxuda Peyğəmbərin (s), İmam Əlinin (ə) ona əmr etməsi ilə əlaqələndirmişdi. Həzrət Rza (ə) dünyaya gəldikdən sonra İmam Kazim (ə) bu mübarək xanımı “Tahirə” adı ilə çağırmağa başladı. Tahirə xatun son dərəcə həyalı, dindar və pakizə qadın idi, uzun illər İmam Kazimin (ə) anası Həmidə xatunun hüzurunda hörmət əlaməti olaraq oturmadı, ayaq üstə durdu. İmam Rzanın (ə) doğuluşundan sonra körpəyə tez-tez süd verdiyi üçün nafilə (müstəhəb) ibadətlərdən məhrum qalmasından narahat olurdu. Buna görə əlavə süd anası gətirilməsini xahiş etmişdi.⁷
Həkimə xatunun doğum və vəfat tarixləri məlum deyil. Böyük ehtimala görə Mədinə şəhərində doğulmuş, Bakıda məskunlaşana kimi Mədinəni tərk etməmişdir. Bəzi tarixi məlumatların təhlili və müqayisəsi Həkimə xatunun doğum tarixini təqribi müəyyənləşdirməyə əsas verir. Məlum olduğu kimi İmam Musa Kazimin (ə) ömrünün son bir neçə ili ailəsindən kənarda, Bağdadda həbsxanada keçmişdir. Əllamə Məclisi və digər bəzi müəlliflər qeyd ediblər ki, Abbasi xəlifəsi Harun ər-Rəşid hicri 179-cu ilin həcc mövsümündə (miladi 796-cı ilin fevral ayı) İmam Kazimi (ə) Mədinədən Bağdada aparmaq barədə əmr verdi.⁸
İmam Kazimin (ə) yaşca ən böyük övladının hicri 148-ci/miladi 766-cı ildə doğulmuş İmam Rza (ə) olması bir neçə hədisdə öz əksini tapmışdır. O cümlədən, İmam Musa Kazim (ə) buyurmuşdur: “Oğlum Əli övladlarımın ən böyüyü, ən yaxşısı və mənim yanımda ən sevimlisidir”.⁹ “Oğlum Əli övladlarımın ən böyüyü, sözümə ən çox qulaq asan və əmrimə ən çox itaət edəndir”.¹⁰ “Oğlum Əli övladlarımın ən böyüyü, seçilmişi və mənim yanımda ən sevimlisidir”.¹¹ İmam Kazimin (ə) vəfatından sonra kimin imam olması barədə şübhələr yarandığı zaman o Həzrətin xidmətçisi Xalid digər xidmətçi Nəşitə demişdi: “Əbülhəsən (yəni İmam Kazim) mənə buyurmuşdu: “Əhdim (yəni məndən sonrakı imamət) övladlarımın ən böyüyü, ən xeyirlisi və ən üstünü olan Əliyə məxsusdur”.¹²
Buradan aydın olur ki, Həkimə xatun İmam Rzadan (ə) yaşca kiçik olmuşdur.
Beləliklə, Həkimə xatunun doğum tarixini 766-796-ci illər arasında təyin etmək məntiqə uyğundur.
Digər tərəfdən, Həkimə xatunun Mədinədə doqquzuncu imam Həzrət Muhəmməd Təqinin (ə) doğuluşunda iştirak etməsi səhih hədislərdən məlumdur. İmam Təqi (ə) hicri 195-ci/miladi 811-ci ildə dünyaya gəlmişdir. İmam Rzanın (ə) öz övladının doğuluşuna yardım etmək üçün bacısını çağırması bunu göstərir ki, o zaman Həkimə xatun yetkin yaşda imiş. Bu fakt da onun doğum tarixini təqribən 795-ci ildən daha əvvələ çəkməyə əsas verir.
Qeyd etdiyimiz kimi, bəzi mənbələrdə Həkimə xatunun əsl adının “Fatimətus-suğra” olduğu qeyd edilib. Əgər Bibiheybətdə dəfn edilmiş xanımın hər iki adla tanınan eyni şəxs olduğunu qəbul etsək, onun doğum tarixini dəqiqləşdirmək daha da asanlaşar. Çünki İmam Kazimin (ə) Qum şəhərində dəfn edilmiş qızı Fatimətul-kubra hicri 173-cü ilin Zilqədə ayında, yəni 790-cu ildə dünyaya gəlmişdir.¹³ Adından da göründüyü kimi Fatimətus-suğra yaşca ondan kiçik idi. Beləliklə, Fatimətus-suğranın hicri 174-179-cu, yəni miladi 791-796-cı illər arasında doğulması dəqiqdir.
Vəfat tarixinə gəlincə, onun Xorasanda olan İmam Rza (ə) ilə görüşmək məqsədilə Mədinədən çıxdığını, amma qeyd edəcəyimiz səbəb üzündən səfər istiqamətini dəyişdiyini, Bakıda da az yaşamadığını nəzərə alsaq, vəfat tarixini 820-830-cu illər arasında və ya daha sonrakı illərdə axtarmaq düzgün olar.
Həkimə xatun barədə məlumat verənlər onu bu ifadələrlə vəsf etmişlər: “Alim, izzətli, ibadət, şərəf və xeyir sahibi bir qadın idi. Doqquzuncu imam Həzrət Cavadın (ə) doğuluşuna şahid olmuşdu. Uzun ömür yaşamışdı, amma tarix bizə onun həyatı və nəsli barədə məlumat vermir. O, nüfuzlu və zəka sahibi idi, pak nəslin (Əhli-Beytin) içində sözünə qulaq asılırdı, Əhli-Beytin seyyidələrindən idi”.¹⁴ Böyük ehtimalla o, ailə qurmamış, övlad sahibi olmamışdır.
Həkimə xatun həm də üç imamı görmüş, onların mübarək kəlamlarını öz dillərindən eşitmiş qadın səhabələrdəndir. O, İmam Kazimin (ə), İmam Rzanın (ə) və İmam Təqinin (ə) müasiri olmuş, onların yanında böyük ehtiram və etimad sahibi kimi tanınmışdı.
İmam Rzanın (ə) öz oğlu, növbəti imam Həzrət Təqinin (ə) doğuluşu zamanı məhz Həkimə xatunu çağırması onun digər bacılarından daha artıq dərəcədə İmamın (ə) yanında etibar və hörmət sahibi olmasından xəbər verir. Əhli-Beyt imamları öz canişinlərinin dünyaya gəlməsini bacardıqca gizli saxlamağa, bu yolla onları təhlükələrdən qorumağa çalışırdılar. İmamların yalnız ən yaxın ailə üzvləri və tərəfdarları bundan xəbər tuturdular. On ikinci imam Həzrət Mehdi Sahibəz-zamanın (ə) doğuluşu zamanı İmam Əskərinin (ə) öz bibisi Həkimə xatunu çağırması da Əhli-Beyt xanımları içində onun uca mövqeyini göstərirdi. İmam Əskərinin (ə) bibisi, İmam Nəqinin (ə) bacısı, İmam Təqinin (ə) qızı Həkimə xatun da Bibiheybətdə dəfn edilmiş Həkimə xatunun şərəfinə bu cür adlandırılmışdı. İmam Muhəmməd Təqi (ə) bibisinin şərəfinə öz qızına eyni adı vermişdi. Təsadüfi deyil ki, ikinci Həkimə xatun da öz böyük adaşı kimi zəmanəsinin imamının övladının doğuluşuna şahid oldu.
- ¹. Əllamə Hilli, əl-Mustəcad min kitabil-İrşad, s. 208
- ². Lüğətnameyi-Dehxuda, c. 3, s. 3379
- ³. Muhəmməd Əli Ənsari, əl-Movsuətul-fiqhiyyətil-muyəssərə, c. 5, s. 183-186
- ⁴. Şeyx Kuleyni, əl-Kafi, c. 1, s. 193-194
- ⁵. Muhəmməd Hadi Əmini, Fatimə bintəl-İmam Musa əl-Kazim, s. 33
- ⁶. Mənuçöhr Sütudə, Astaradan Astarabada kimi, c. 2, s. 180-181
- ⁷. Şeyx Abbas Qummi, Muntəhəl-amal, c. 2, s. 364-366
- ⁸. Əllamə Məclisi, Cəlaul-uyun, s. 799
- ⁹. Şeyx Kuleyni, əl-Kafi, c. 1, s. 189
- ¹⁰. Şeyx Səduq, Uyunu əxbarir-Rza, c. 1, s. 31
- ¹¹. Şeyx Müfid, əl-İrşad fi mərifəti hucəcillahi əlal-ibad, c. 2, s. 249
- ¹². Ricalul-Kəşşi, s. 323
- ¹³. Şeyx Əli Namazi Şahrudi, Mustədrəku səfinətil-bihar, c. 8, s. 261
- ¹⁴. Muhəmməd Hadi Əmini, Fatimə bintəl-İmam Musa əl-Kazim, s. 34