İslam tarixi ilə tanış olanlar yaxşı bilirlər ki, klassik tarixi mənbələrdə qadınlar barədə verilmiş məlumatlar həmişə kişilərin həyatı haqda yazılanlardan daha az olmuşdur. Bunun əsas səbəbi klassik dövr müsəlman cəmiyyətlərinin sosial-iqtisadi və dini-hüquqi vəziyyəti ilə bağlıdır.
Müəyyən şəxs barədə mənbələrdə çox məlumat verilməsi üçün bəzi şərtlərin olması lazımdır. Həmin şəxs ya cəmiyyətdə yüksək statusa sahib olmalıdır ki, onun siyasi addımları, verdiyi qərarlar müzakirə obyektinə çevrilsin. Yaxud şəxs maddi vəziyyətinə görə cəmiyyətdə seçilməlidir ki, onun sərvəti barədə danışılsın, xeyriyyə işləri təriflənsin. Və ya şəxs fiziki baxımdan güclü, hərbi hazırlıq baxımından səriştəli olmalıdır ki, şücaəti, qüvvəsi, sərkərdəlik bacarığı təsvir edilsin. Şəxsin dini baxımdan yüksək məqamda olması, dini qruplaşmaya rəhbərlik etməsi, yeni məzhəb yaratması və s. amillər də məşhurlaşmağa kömək edirdi. İnsanın yüksək səviyyəli biliyə sahib olması, elmi mübahisələrdə iştirak etməsi, kitablar yazması da onun tanınmasına və haqqında mənbələrdə bol məlumat verilməsinə səbəb olurdu. Daha bir amil ailə ilə bağlı idi; məşhur ailələrlə qohum olmaq, evlənmək və boşanmaq kimi faktlar da insanın adının tarix səhifələrinə düşməsi üçün şərait yaradırdı.
Sadaladığımız amilləri Həkimə xatunun həyatına və mövqeyinə tətbiq etdikdə onun haqqında tarixi məlumatların az olmasının səbəbini başa düşə bilərik. O da demək olar ki, bütün qadınlar kimi kişilərdən fərqli olaraq cəmiyyətdə siyasi, hərbi və iqtisadi baxımdan hər hansı mövqeyə sahib deyildi. Əhli-Beytə mənsub əksər qadınlar kimi onun da sosial fəallıqdan uzaq bir həyat yaşamağa üstünlük verməsi, ailə qurmaması burada öz rolunu oynamışdır. Üstəlik, həm Mədinədə hakimiyyətin ağır təqibləri altında yaşaması, həm də Bakıya hicrət etdikdən sonra burada tanınmaması üçün gizli qalmağa çalışması onun dini fəaliyyətinin mənbələrdə işıqlandırılmasına mane olmuşdur.
Təsadüfi deyil ki, Həkimə xatunun bacısı Fatimətul-kubra barədə məlumatlar daha çoxdur. Çünki Fatimətul-kubranın Qum şəhərinə hicrətindən əvvəl artıq bu şəhərdə şiə icması formalaşmışdı.¹ Hicrətin ilk əsrində Kufədən köçüb-gəlmiş Əşərilər nəsli bu şəhərdə şiəliyi yaymaqla məşğul idi. Artıq miladi VIII əsrdə Qum şəhəri yaxın bölgədə yerləşən Rey kimi şiəliyin mərkəzlərindən biri olaraq tanınmağa başlamışdı. İmam Kazimin (ə) qızı Qum şəhərində şiə mühitinə düşmüş, burada yaşayan hədis, fiqh, əqidə alimləri ilə əhatə olunmuşdu. Buna görə Fatimətul-kubranın Qumdakı həyatı, vəfatı, rəvayət etdiyi hədislər barədə məlumatlar nisbətən çoxdur və sənəd baxımından möhkəmdir.
Bakı şəhərində isə həmin dövrdə o qədər də böyük və güclü şiə icması yox idi; əgər olsaydı, bu barədə mütləq klassik mənbələrdə məlumata rast gələrdik. Bakıda imamzadəni himayə edib gizli şəkildə ona sığınacaq vermiş şiələr olsa da, onların elmi səviyyəsi, hədis və digər dini elmlərlə tanışlığı barədə məlumatımız yoxdur. İmamzadənin kəlamlarını rəvayət edən, həyat tarixçəsini gələcək nəsillərə çatdıran yetişmiş bir şiə icmasının olmaması Həkimə xatunun Bakıdakı həyatının kölgədə qalmasına səbəb olmuşdur. Üstəlik, Həkimə xatunun və onu himayə edən şəxslərin öz kimliklərini gizlədərək simvolik adlar altında yaşamağa məcbur olmaları da buna şərait yaratmışdır.
- ¹. Ə.M.H.Sərlək və M.Mehrizi, Əşərilər və ilk şiə şəhər-dövlətinin yaradılması, s. 47-80
- Natiq Rəhimov - Bibiheybət