Gəncə imamzadəsi

Gəncə şəhərindən yeddi km məsafədə yerləşən bu ziyarətgahda beşinci imam Həzrət Muhəmməd Baqirin (ə) oğlu Şahzadə İbrahimin dəfn edildiyi rəvayət olunur. XIV-XV əsrlərdə tikildiyi ehtimal edilən türbə binası və günbəz əsasən tünd və açıq mavi kaşılarla bəzədildiyi üçün buranı xalq içində “Göy günbəz” və ya “Göy imam” da adlandırırlar. Kompleksin daxilində, türbənin ətrafında təkyələr, məscid, yardımçı binalar var imiş. Ziyarətgahın həyətində qədim qəbristanlıq mövcud olmuşdur. Azərbaycanın hər yerindən cənazələri gətirib bu müqəddəs məkanın həyətində torpağa tapşırırdılar.

Buradakı XIX əsrə aid kitabədə yazılıb: “O (Allah) böyükdür. Bu, İmam Muhəmməd Baqirin (ona salam olsun) oğlu Movlana İbrahimin müqəddəs məkanı yerləşmiş şərəfli (Cənnət) bağıdır. Allahın ona salavatı olsun! Öz babasının hicrətindən 120 il sonra vəfat etmişdir. Bu ucaməqamlı yerin bərpa olunmasını tiflisli general-mayor İsrafil bəy Yadigarzadə hicri 1296-cı (miladi 1878-ci) ildə əmr etmişdir”.

1886-cı ildə nəşr olunmuş “Qafqaz təqvimi”ndə yazılıb ki, Gəncə imamzadəsinin iri vəqf torpaqları var və bura külli miqdarda nəzir gətirirlər, buna baxmayaraq, ziyarətgah dağılmaq üzrədir.

Prezident İlham Əliyevin 1 mart 2010-cu ildə imzaladığı sərəncama əsasən, kompleksdə təmir-bərpa işləri aparılıb, 2016-cı ildə açılışı olub.

 

Salamzadə A.V., “Azərbaycanın XVI–XIX əsrlər memarlığı”, s. 23–26

• Şeblikin İ.P., “Nizami dövrü Azərbaycan memarlıq abidələri (materiallar)”, s. 51–52

• M.X. Nemət, “Azərbaycanda pirlər”, s. 154–157

• Məmmədov Nahid, “Gəncə İmamzadə tarixi kompleksi” (“Azərbaycan və Əhli-Beyt irsi” kitabında), s. 56–74

• “Qafqaz təqvimi”, 1886-cı il, s. 158

• Natiq Rəhimov - Bibiheybət

Paylaş:
Ziyarətnamə