Nardaran piri

Bakının qədim kəndlərindən olan Nardaranda yerləşən bu pirdə İmam Musa Kazimin (ə) qızı Rəhimə xatunun basdırıldığını rəvayət edirlər. Məzarın yerləşdiyi məscid binasının qapısı üzərindəki kitabə bu tikilinin miladi 1363/64-cü illərdə ucaldıldığını xəbər verir. Yaxınlıqda 1307/08-ci illərdə tikilmiş daha bir məscid, XVII əsrdə tikilmiş məscid və karvansara mövcuddur. Pir kompleksinin yaxınlığında məzarlıq var. Bəzi qəbrlərin başdaşı buranın qədim tarixə malik olduğunu göstərir.

Klassik mənbələrdə Nardaran piri barədə məlumata rast gəlinmir. Kompleksə daxil olan tikililər uzun müddət torpaq altında qalaraq unudulmuş, XX əsrin əvvəllərində kənd sakinlərinin təşəbbüsü ilə bərpa olunmuşdur. Sovet hakimiyyəti illərində pirdən qeyri-təyinatı üzrə istifadə edilirdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra Nardaran piri dörd hündür minarəli, iri günbəzli ziyarətgah halına gətirilmişdir. Məscidin içindən qapı açılan kiçik hücrədə müqəddəs məzar yerləşir.

Щеблыкин И.П. Памятники Азербайджанского зодчества эпохи Низами (материалы), стр. 30-31

M.X.Nemət, Azərbaycanda pirlər, s. 57-60

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası, s. 82

Azərbaycan: İslam mədəniyyətinin incisi, s. 108-109

Paylaş:
Ziyarətnamə