İmam Muhəmməd Baqirin (ə) oğlu, Şahzadə İbrahimin qardaşı imamzadə İsmayılın burada dəfn edildiyi rəvayət olunur. Xalq inancına görə onlar birlikdə Azərbaycana gəlib Bərdə hakimindən sığınacaq istəyiblər. Az sonra xəlifənin adamları onların burada olmasından xəbər tutur, Bərdə hakimindən icazəsiz imamzadə İsmayılı öldürürlər, qardaşı imamzadə İbrahim bundan sonra Gəncəyə qaçır.¹
Bərdə imamzadəsi iri sahəyə malik həyətin içində yerləşir. Soğanvari quruluşa malik günbəzi olan türbənin 4 minarəsi var. Minarələrdən ikisinin hündürlüyü 12 m, digər ikisinin hündürlüyü 15 m-dir. Ziyarətgahın binası XIV əsrdə tikilmiş, XIX əsrdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən böyüdülüb təkmilləşdirilmişdir.²
Bərdə imamzadəsinin adı A.A.Bakıxanovun “Gülüstani-İrəm” kitabında çəkilir. 1860-cı ildə buranı rus şərqşünası akad. B.Dorn tədqiq etmişdir. 1886-cı ildə çap olunmuş “Qafqaz təqvimi”ndə yazılıb: “İmamzadə, Yelizavetpol quberniyası Cavanşir qəzasının Bərdə kəndində türbə (pir). 1868-ci ildə türbənin üzərində məscid tikilib”.
¹. Azərbaycan: İslam mədəniyyətinin incisi, s. 172-173
Саламзаде А.В., Архитектура Азербайджана XVI-XIX вв., стр. 31-32
². Кавказский календарь 1886 г., стр. 158