İmam Muhəmməd Təqinin (ə) həyatı

Doqquzuncu imam Həzrət Muhəmməd Təqinin (ə) atası – səkkizinci imam Həzrət Əli Rza (ə), anası – Həzrət Muhəmməd peyğəmbərin (s) həyat yoldaşı Mariyeyi-qibtiyyənin qohumlarının nəslindən olan “Xeyzüran” adlı kəniz idi. (Əsl adı “Sübeykə” olan bu kənizin adını İmam Rza dəyişdirib “Xeyzüran” qoymuşdu). İmam Muhəmməd Təqi (ə) hicri 195-ci il Rəcəb ayının 10-da və ya Ramazan ayında (miladi 811-ci il) Mədinədə doğulmuşdur. Doğuluşunda bibisi Həkimə xatun da iştirak etmişdir, bu mövzuda ondan rəvayət edilmiş hədislər növbəti səhifələrdə təqdim olunacaq. İmamın (ə) məşhur ləqəbləri “Təqi” (təqvalı) və “Cavad”dır (səxavətli).

İmam Muhəmməd Təqi (ə) Həzrət Mehdini (ə) çıxmaq şərti ilə qalan imamlara nisbətən ən kiçik yaşda imamətə çatmışdır. Atası Həzrət Rza (ə) Xorasanda vəfat edərkən onun 8 yaşı hələ tamam olmamışdı. Bununla belə, İmam Təqi (ə) öz elmi, əxlaqı, zəkası ilə zəmanənin böyük alimlərini arxada qoyurdu. İmam Rzanın (ə) şəhadətindən sonra varisinin azyaşlı uşaq olduğunu bəhanə gətirib bununla razılaşmayanların hamısı o Həzrətlə söhbətdən sonra səhv etdiyini anlayırdı.

Məmun İmam Muhəmməd Təqi (ə) üzərində nəzarəti gücləndirmək üçün onu Bağdada gətizdirdi. Xəlifə İmamın (ə) nüfuzunu aşağı salmaq üçün həm saray alimlərini, həm də kənardan çağırılmış elm adamlarını İmama (ə) çətin suallar verməyə həvəsləndirirdi ki, o Həzrət bu sualların cavabından aciz qalıb rüsvay olsun. Lakin İmam (ə) bütün elmi mübahisələrdən qələbə ilə çıxırdı.

Belə bir vəziyyətdə Məmun vaxtilə İmam Rzaya (ə) qarşı həyata keçirmək istədiyi, amma uğursuzluqla nəticələnmiş hiyləni onun oğluna tətbiq etmək istədi. Bu dəfə Məmun “Ümmül-Fəzl” adlı digər qızını İmam Muhəmməd Təqiyə (ə) ərə verdi. O, doğulacaq övladı özünə canişin elan etmək, bu yolla öz hakimiyyətini gücləndirmək istəyirdi. Çünki Əhli-Beyt soyunun davamçısı kimi bu uşağın hakimiyyət iddiası hamı tərəfindən qəbul ediləcək, Məmun da onun adından rahatlıqla hakimiyyət sürəcəkdi. Lakin xəlifənin qızı ilə İmam Təqinin (ə) izdivacından övlad doğulmadı.

İmam (ə) bir müddətdən sonra Xorasandan Mədinəyə qayıtdı, amma Məmunun ölümünün ardınca hakimiyyətə gəlmiş qardaşı Mütəsim onu Bağdada gətizdirdi (hicri 220/miladi 835-ci il). Bağdadda saray alimləri ilə təşkil edilən bütün elmi müzakirələr İmam Təqinin (ə) qələbəsi ilə sona çatırdı. Mütəsim o Həzrətin getdikcə artmaqda olan şöhrətindən narahat olub onu zəhərlə aradan götürməyi əmr etdi. İmam Muhəmməd Təqi (ə) xəlifə əlaltılarının verdiyi zəhər nəticəsində hicri 220-ci il Zilqədə ayının sonuncu günündə (miladi 835-ci il) Bağdadda dünyasını dəyişdi. Onu Qüreyş qəbristanlığında, babası İmam Musa Kazimin (ə) məzarının yanında dəfn etdilər. Hal-hazırda “Kazimiyyə” (Kazimeyn) adlanan bu yerdə hər iki imamın məzarı üzərində qoşa günbəzli, dörd minarəli məqbərə kompleksi mövcuddur.

İmam Muhəmməd Təqi (ə) ömrünün azlığına (cəmi 25 il yaşamışdır) və yaşadığı şəraitin çətinliyinə baxmayaraq, dəyərli şagirdlər yetişdirməyə nail olmuşdur. Ondan dərs alan və hədis rəvayət edən şəxslərin sırasında Əhməd ibn Muhəmməd Bəzənti, Fəzl ibn Şazan, Muhəmməd ibn Əbu Ümeyr, Əli ibn Məhziyar, Zəkəriyya ibn Adəm və başqalarının adını qeyd etmək olar. 

 

Dairətul-məarifi-təşəyyö (Ə.S.Hacı Seyid Cavadi, K.Fani və B.Xürrəmşahinin nəzarəti altında hazırlanıb), c. 2

Şeyx Abbas Qummi, Muntəhəl-amal, c. 2

Baqir Şərif Qərəşi, Movsuətu sirəti Əhlil-beyt, c. 30; c. 31; c. 32

Movsuətul-İmamul-Kazim və Movsuətul-İmamur-Rza (Seyid Muhəmməd Hüseyni Qəzvininin rəhbərliyi altında hazırlanıb)

Cəfər Mürtəza Amili, əl-Həyatus-siyasiyyətul-İmamir-Rza

Qısa İslam Ensiklopediyası (N.Rəhimovun ümumi redaktəsi altında), c. 2

Natiq Rəhimov - Bibiheybət kitabı

Paylaş:
Ziyarətnamə