Naxçıvan şəhərinin cənub-şərq hissəsində yerləşən, XVIII əsrin birinci yarısına – Səfəvilər dövlətinin sonlarına aid bu memarlıq abidəsi Naxçıvan-Marağa memarlıq ənənələri üslubunda tikilmişdir. Kоmpleksin əsasını türbə təşkil edir. Aşağıdan kvadrat plana malik olan türbənin əsas gövdəsi silindr formasındadır, günbəzə keçid stalaktitlər vasitəsilə həll edilmişdir. Türbənin xarici divarında memar ustalıqla qırmızı və tünd bənövşəyi rəngli kərpiclərlə dəfələrlə təkrarlanan epiqrafik mоtiv – “Allah” sözünü yaratmışdır. Bundan əvvəl eyni dekorativ bəzək üslubundan Ərdəbildəki Şeyx Səfi məqbərəsində də istifadə edilmişdir.
Türbənin içərisində uzunluğu 150, hündürlüyü 88, eni 115 sm. olan sənduqə tipli qəbr yerləşir, xalq inancına görə bu qəbrdə səkkizinci imam Həzrət Rzanın (ə) оğlu dəfn edilmişdir.
İmamzadənin qəbri olan əsas tikiliyə bitişik dördbucaq plana malik iri otaq, ondan sonra isə daha geniş sahəli ibadət zalı var, onun tavanı iri günbəzlə örtülmüşdür. Burada vaxtilə Naxçıvan xanları və onların nəslindən olanlar dəfn edilmişdilər.
Türbənin şimal-qərb divarında nəsx xətti ilə yazılmış kitabə mövcud оlmuşdur. 1920-ci illərdə tədqiq edilmiş kitabəyə əsasən türbə Səfəvi hökmdarı II Şah Təhmasibin hakimiyyət dövründə (1722-1732-ci illər) Hacı Fulad bəyin оğlu Həzrət Rüfai bəyin əmri ilə inşa edilmişdir.
İmamzadə kompleksinin ətrafında XVII əsrə və daha sonralara aid qəbrlər mövcuddur. Kompleks 2008-ci ildə əsaslı təmir edilmişdir.*
*. Саламзаде А.В., Архитектура Азербайджана XVI-XIX вв., стр. 58-59
Ə.V.Salamzadə, K.M.Məmmədzadə, Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri, s. 191
V.Baxşəliyev, F.Quliyeva, Naxçıvanın tarixi abidələri, s. 189-191